
Enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları və su ilə təminatını yaxşılaşdırmaq və bu sahələrdə maliyyə intizamını gücləndirmək məqsədi ilə qərara alıram:
1. «Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı» təsdiq edilsin (Əlavə 1).
2. «Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı» təsdiq edilsin (Əlavə 2).
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyatı nazirliklər və digər dövlət orqanları ilə birlikdə enerji və su sektorlarında maliyyə intizamının gücləndirilməsi proqramlarında nəzərdə tutulan tədbirlərin tam həyata keçirilməsini təmin etsin.
4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Heydər ƏLİYEV.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 mart 2002-ci il.
№ 893. «Azərbaycan» qəzetində dərc olunmuşdur (26 mart 2002-ci il, № 67) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 2, maddə 138).
Əlavə 1 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
Enerji sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı Problemin mahiyyəti Son illər ölkədə enerji sektorunun inkişafı sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Yalnız 2000-2001-ci illər ərzində Yenikənd Su Elektrik Stansiyasının, Bakı İstilik Elektrik Mərkəzinin, «Etilen-Polietilen» zavodunda buxar generatorunun istismara verilməsi və Mingəçevir Su Elektrik Stansiyasının yenidən qurulması nəticəsində ölkənin generasiya gücü 265,5 mVt artmışdır. Hazırda gücü 400 mVt olan «Şimal» DRES-nin və digər yeni elektrik stansiyalarının tikintisi, köhnəlmiş avadanlıqların yeniləşdirilməsi, ötürücü xətlərin quraşdırılması və s. layihələr üzrə işlər davam etdirilir. Bütün bunlar əhalinin və müəssisələrin enerji daşıyıcılarına olan tələbatının tam ödənilməsi üçün əlverişli zəmin yaradır. Bununla bərabər, enerji sektorunda bir sıra problemlər də mövcuddur. Onlardan biri də qarşılıqlı ödəmələr və bunun nəticəsi kimi müəssisələr tərəfindən büdcə öhdəliklərinin yerinə yetirilməməsi problemidir. Problemin əsas mahiyyəti ondan ibarətdir ki, «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (bundan sonra—ARDNŞ) alınan neft məhsullarının və qazın haqqının ödənilməməsi səbəbindən ARDNŞ də, öz növbəsində, dövlət büdcəsinə vergiləri tam həcmdə ödəyə bilmir. Nəticədə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin büdcədən dolayı şəkildə subsidiya alması prosesi baş verir. Hesablamalara görə təkcə 2001-ci ildə elektrik enerjisinin istehsalı üçün ARDNŞ tərəfindən «Azərenerji» Səhmdar Cəmiyyətinə 1,5 trln. manatlıq (315 mln. ABŞ dolları) yanacaq verilmişdir. Verilmiş yanacağın dəyəri beynəlxalq qiymətlərlə 1,9 trln. manat (396 mln. ABŞ dolları) təşkil edir. 2001-ci ildə Dövlət Neft Şirkəti tərəfindən «Azəriqaz» Səhmdar Cəmiyyətinə 273 mlrd. manat (57 mln. ABŞ dolları) dəyərində («Azərenerji» Səhmdar Cəmiyyəti üçün nəzərdə tutulmuş qaz istisna olmaqla) qaz verilmişdir. Verilmiş qazın beynəlxalq qiymətlərlə dəyəri 897 mlrd. manat (187 mln. ABŞ dolları) təşkil edir.
Ümumilikdə, Dövlət Neft Şirkəti tərəfindən haqqı ödənilmədən daxili qiymətlərlə «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə cəmi 1,8 trln. manatlıq (372 mln. ABŞ dolları), beynəlxalq qiymətlərlə isə cəmi 2,8 trln. manatlıq (583 mln. ABŞ dolları) yanacaq verilmişdir. Eyni zamanda əhali və müəssisələr tərəfindən istehlak olunan elektrik enerjisinin və qazın haqqının ödənişi aşağı səviyyədə olmuşdur. 2001-ci ildə elektrik enerjisi üzrə yığımın səviyyəsi 27%, qaz sektoru üzrə isə% təşkil etmişdir. Elektrik enerjisinin və qazın istehlakına görə yığılan vəsait əsasən «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin, elektrik enerjisi və qazın satışı ilə məşğul olan müəssisələrdə işləyənlərin əmək haqlarının və onların istismar xərclərinin ödənilməsinə yönəldilir. Son nəticədə yaranan fərq dövlət büdcəsindən dolayı subsidiyalar hesabına ödənilir. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin dövlət büdcəsi qarşısında, Dövlət Neft Şirkəti, xarici kreditlər üzrə öhdəlikləri isə demək olar ki, yerinə yetirilmir. 2001-ci ildə «Azərenerji» Səhmdar Cəmiyyəti aldığı yanacağa görə Dövlət Neft Şirkətinə cəmi 7,5 mlrd. manat (alınan yanacağın dəyərinin 0,5%-i), «Azəriqaz» Səhmdar Cəmiyyəti isə aldığı qaza görə Dövlət Neft Şirkətinə cəmi 3,5 mlrd. manat (alınan qazın dəyərinin 1,3%-i) ödəmişdir. Ödənişlərin belə aşağı səviyyədə olması büdcə təşkilatlarında çalışanların əmək haqlarının, eləcə də təhsilin, səhiyyənin və digər sahələrin daha geniş şəkildə maliyyələşdirilməsi, pensiyaların artırılması imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. İqtisadiyyatın bu mühüm sahəsində yaranmış ödəməmələr probleminin həllini qarşıdakı illərdə iki mərhələdə həyata keçirmək nəzərdə tutulur: 1-ci mərhələdə əsas vəzifə yeni borcların yaranmasının qarşısını almaqdan ibarətdir. Bu mərhələdə ARDNŞ-ə ödənişlərin 2002-ci ildə 20%, 2003-cü ildə 30%, 2004-cü ildə 45%, 2005-ci ildə 65%, 2006-cı ildə isə 80-100% səviyyəsinə çatdırmaq planlaşdırılır. Bu müddət ərzində ödənilməyən məbləğin qiymətli kağızlar vasitəsilə tənzimlənməsi, bu üsulla da borcların həcminin dəqiq uçotunun aparılması və bütövlükdə ödəmələr sahəsində tam şəffaflığın təmin edilməsi nəzərdə tutulur. 2-ci mərhələdə borcların artımı dayandırıldıqdan sonra keçmiş borcların restrukturizasiyası həyata keçiriləcəkdir.
2. Maliyyə intizamının gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər
2.1. Büdcə tədbirləri
Bu tədbirlər aşağıdakılardan ibarətdir:
2.1.1. Dolayı subsidiyaların rəsmiləşdirilməsi, yəni «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri tərəfindən ARDNŞ-dən alınan yanacağın haqqının bir hissəsinin dövlət büdcəsi vasitəsilə ödənilməsinin tənzimlənməsi.Bunun üçün ilkin mərhələdə səhmdar cəmiyyətlərin yanacağa olan tələbatı və buna görə ödəyə biləcəkləri pulun maksimum məbləği müəyyənləşdiriləcək. Alınan yanacağın dəyəri pulla ödənildikdən sonra borcun qalan hissəsi həcmində Maliyyə Nazirliyi tərəfindən Yanacaq və Energetika Nazirliyi ilə razılaşdırmaqla
«Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə qiymətli kağızlar veriləcək. Nəticədə səhmdar cəmiyyətlər yanacağın haqqını ARDNŞ-ə əsasən pulla, borcun qalan hissəsini isə qiymətli kağızlarla ödəyəcəklər. Ödəniş sənədi yalnız qarşılıqlı borcun, eləcə də büdcə qarşısında olan öhdəliklərin dəqiq uçotunun aparılması üçün veriləcəkdir. Bu təcrübə kommunal sahələrdə islahatların aparılması və maliyyə imkanlarının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən digər tədbirlərlə yanaşı tətbiq olunacaq və 100%-li pul ödənişləri təmin edilənədək (2006-ci ilədək) davam etdiriləcəkdir;
2.1.2. Büdcədən maliyyələşən təşkilatlar üçün kommunal xidmətlərdən istifadə ilə bağlı dövlət büdcəsində dəqiq limitlərin müəyyənləşdirilməsi, kommunal xidmətlərə görə ödənişlərə sərt nəzarətin həyata keçirilməsi və bu xidmətlərdən limitdən artıq istifadə edən təşkilatların şəbəkədən ayrılması. Bununla əlaqədar olaraq artıq 2002-ci ilin dövlət büdcəsində limitlər müəyyənləşdirilmiş, qaydaları pozan təşkilatların şəbəkədən açılması ilə əlaqədar kommunal xidməti müəssisələrinə tapşırıqlar verilmişdir. Yalnız bir neçə təşkilat üçün büdcədə ehtiyat məsrəflər nəzərdə tutulur. Bu tədbirlər nəticəsində 2002-ci ildə «Bakıelektrikşəbəkə» Səhmdar Cəmiyyəti tərəfindən yığımın səviyyəsinin 50%-ə çatdırılacağı gözlənilir;
2.1.3. Kommunal xidmətlərə görə ödənişlərin kart sistemi vasitəsilə aparılması. Ödəniş kartları bütün kommunal xidmətlərin, habelə metro nəqliyyatında gediş haqqının ödənilməsində tətbiq ediləcəkdir. Bu sistemin tətbiqi nəticəsində yığımın və büdcə gəlirlərinin əhəmiyyətli dərəcədə artırılması təmin ediləcəkdir; Kommunal xidmətlərə görə verilən kompensasiyaların aidiyyatı üzrə istifadəsini təmin etmək məqsədilə onların ödəniş kartları vasitəsilə verilməsi nəzərdə tutulur. Həmin ödəniş kartları yalnız kommunal xidmətlərin haqqının ödənilməsində istifadə oluna bilər;
2.2. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin maliyyə göstəricilərinin yaxşılaşdırılması tədbirləri
2.2.1. Yığımın artırılması: kommunal xidmətlərə görə ödənişləri həyata keçirməyən təşkilatların şərtsiz şəbəkədən açılması, bu məqsədlə həmin istehlakçıların inventarlaşdırılması və sayğacların məcburi tətbiqi; ev təsərrüfatlarında analoci tədbirlərin həyata keçirilməsi; kommunal xidmətlərin haqqının müqavilələrdə göstərilən tarixdə ödənilməsinin təmin edilməsi. Kommunal xidmətlərin haqqının ödənilməsindən yayınma hallarına qarşı sərt inzibati tədbirlərin həyata keçirilməsi, kütləvi təbliğat tədbirlərinin aparılması; birinci mərhələnin sonunda (2006-cı il) şəbəkələr tərəfindən yığımın 100%-ə çatdırılması.
2.2.2. Enerji istehsalının səmərəliliyinin artırılması: enerji istehsalında yanacaq sərfinin azaldılması. Hazırda 1 kVt saat elektrik enerjisinin istehsalına təxminən 410 q şərti yanacaq sərf edilir ki, bu da olduqca yüksək göstəricidir. Bu, bir tərəfdən alınan yanacağın haqqının ödənilməməsi və yanacaq sərfinin azaldılması üçün heç bir stimulun olmaması, digər tərəfdən isə inhisarçı mövqedən istifadə edərək əsassız tariflərin tətbiqi, texniki itkilərin, sui-istifadə halları üçün şəraitin yaradılması ilə bağlıdır: istilik elektrik stansiyalarının iqtisadi və ekoloci cəhətdən daha səmərəli yanacaq növü olan qaza keçidinin təmin edilməsi; texniki itkilərin azaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi; «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinin restrukturizasiyası.
2.3. Kommunal xidməti göstərən müəssisələrin restrukturizasiyası və özəlləşdirilməsi (və ya idarəetməyə verilməsi)
2.3.1. Elektrik və qazpaylayıcı şəbəkələrin özəlləşdirilməsi və ya idarəetməyə verilməsi prosesinin sürətləndirilməsi Bu məqsədlə 2002-ci il ərzində «Sumqayıtelektrikşəbəkə»nin, «Gəncəelektrikşəbəkə»nin, «Əli Bayramlıelektrikşəbəkə»nin və qazpaylayıcı şəbəkələrin idarəetməyə verilməsi nəzərdə tutulur.
2.4. ARDNŞ-in maliyyə göstəricilərinin yaxşılaşdırılması tədbirləri
2.4.1. ARDNŞ-in restrukturizasiyası;
2.4.2. ARDNŞ-ə daxil olan müəssisələr arasında həyata keçirilən əməliyyatlara görə aparılan hesablaşmaların təkmilləşdirilməsi;
2.4.3. İstehsal məsrəflərinin azaldılması məqsədilə xidmət və digər köməkçi müəssisələrin, sosial-məişət təyinatlı obyektlərin özəlləşdirilməsi və ya digər təşkilatların balansına verilməsi;
2.4.4. Satınalmalar və satış əməliyyatlarının mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilməsinə nəzarətin gücləndirilməsi;
2.4.5. Daxili yanacaq istehlakçılarından ödənişlərin artırılması üzrə tədbirlərin həyata keçirilməsi.
2.5. Qiymət və tariflərin tənzimlənməsi tədbirləri
2.5.1. Kommunal xidmətlərə görə müəyyən edilmiş tariflərin hərtərəfli təhlil edilməsi
Hesablamalar göstərir ki, istehlakçılar tərəfindən «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərinə ödənişlər hətta tam həyata keçirilsə belə, onlar ARDNŞ və digər təşkilatlar qarşısında öhdəliklərini təmin edə bilməyəcəklər. Bu problemin həllinə nail olmaq, tariflərin optimal səviyyəsini müəyyənləşdirmək və onların çevik tənzimlənməsini təmin etmək məqsədilə Tarif Şurası yaradılmışdır;
2.5.2. Ortamüddətli perspektivdə neft və neft məhsulları və təbii qazın daxili və beynəlxalq qiymətləri arasında mövcud fərqin tədricən aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi.
2.6. Digər təşkilati tədbirlər
2.6.1. İdxal və ixrac edilən elektrik enerjisinin və qazın dəqiq uçotunun aparılması;
2.6.2. İri tədiyyəçilərin, dövlət şirkətlərinin istehsal məsrəflərinin azaldılması və vergilərin vaxtında ödənilməsi məqsədilə onların idarəetmə strukturunun təkmilləşdirilməsi, köməkçi xidmət sahələrinin özəlləşdirilməsi, müəssisələrin rentabelliyinin artırılması, onların satınalmalar və satış əməliyyatlarının tam nəzarətə götürülməsi və bu əməliyyatların satınalmalar qanunvericiliyinə uyğun həyata keçirilməsinin təmin edilməsi;
2.6.3. Əsas enerji istehlakçıları olan digər iri sənaye müəssisələrində restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, idarəetmənin təkmilləşdirilməsi, təsərrüfat hesablı dövlət müəssisələrinin bazasında səhmdar cəmiyyətlərinin yaradılması, onların maliyyə vəsaitinin istifadəsinə, büdcə qarşısındakı öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin gücləndilməsi;
2.6.4. ARDNŞ-də, «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərində, digər iri tədiyəçi təşkilatlarda qarşılıqlı borcların, eləcə də büdcə borclarının müəyyənləşdirilməsi, digər maliyyə göstəricilərinin hərtərəfli təhlil edilməsi məqsədilə auditin keçirilməsi;
2.6.5. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətləri tərəfindən hər ay istehlakçı qruplarına görə debitor borclarının strukturu, yanacaq sərfi, itkilər və maliyyə göstəriciləri barədə hesabatların iqtisadi inkişaf, Maliyyə, Yanacaq və Energetika nazirliklərinə təqdim edilməsi;
2.6.6. «Azərenerji» və «Azəriqaz» səhmdar cəmiyyətlərində Maliyyə, Vergilər, Yanacaq və Energetika nazirlikləri tərəfindən vəsaitin hərəkətinə nəzarətin həyata keçirilməsi;
2.6.7. Daha az məsrəflərlə elektrik enerjisi istehsal edəcək müasir tipli elektrik stansiyalarının tikintisi.«Şimal» DRES-ində gücü 400 mVt olacaq yeni enerji blokunun, Sumqayıt və Əli Bayramlı şəhərlərində hər birinin gücü 400 mVt olacaq 2 müasir tipli elektrik stansiyasının tikintisi, Mingəçevir Su Elektrik Stansiyasında gücü 300 mVt olacaq 9-cu enerji blokunun tikintisinin başa çatdırılması;
2.6.8. Alternativ enerji mənbələrinin istifadəsi ilə bağlı investisiya layihələrinin həyata keçirilməsi;
2.6.9. Hər il Azərbaycan Respublikasının yanacaq-enerji balansının hazırlanması və təsdiq edilməsi.
3. Tədbirlər planının təqvimi
Əlavə 2 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 25 mart tarixli 893 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir
Su sektorunda maliyyə intizamının gücləndirilməsi Proqramı
1. Problemlərin mahiyyəti
Azərbaycan Respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra ölkədə həyata keçirilən iqtisadi islahatlar çərçivəsində su təchizatının yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli işlər görülmüşdür. Bu illər ərzində əsas istehlakçıların yerləşdiyi Bakı şəhərində və Abşeron yarımadasında su təchizatını həyata keçirən Abşeron Regional Səhmdar Su Cəmiyyəti (bundan sonra—ARSSC) yaradılmış, suyun keyfiyyətinin yaxşılaşdırılması və itkilərin azaldılması məqsədi ilə regional nasos stansiyalarının, təmizləyici qurğuların yenidənqurulması, mərkəzdənqaçma nasosların, elektrik, xlorlaşdırıcı, laboratoriya avadanlıqlarının, nəqliyyat vasitələrinin, boruların alınması və quraşdırılması işləri həyata keçirilmişdir. Son illər su sektorunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına baxmayaraq, bu sahədə islahatları ləngidən bir sıra problemlər də mövcuddur. Onların içərisində həlli vacib olan problemlərdən biri istehlak olunan suyun dəyərinin tam həcmdə yığılmaması və borclar problemidir.
İstehlakçılara satılan suyun dəyərinin tam həcmdə ödənilməməsi, amortizasiya ayırmalarına və elektrik enerjisinə sərf olunan xərclərin artması, eyni zamanda mövcud olan tariflərin səviyyəsi ARSSC-nin maliyyə vəziyyətinin pisləşməsinə və rentabellik səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Təhlil göstərir ki, 2000-ci ildə istehlakçılara 182,5 milyard manat dəyərində verilən suyun yalnız 116,9 milyard manatı (və ya 64 faizi) yığılmışdır. 2001-ci ildə bu göstəricilər müvafiq olaraq 170,8 və 84,9 milyard manat (və ya 50 faiz) təşkil etmişdir. Hesablamalara görə 2002-ci ildə istifadəyə veriləcək suyun dəyərinin yığımı 94,7 milyard manat (və ya 59,4 faiz) səviyyəsində gözlənilir. Yaranmış vəziyyət ARSSC-nin büdcə qarşısında öhdəliklərinin yerinə yetirilməməsinə səbəb olmuşdur. Belə ki, 2000-ci ildə hesablanmış 17,3 milyard manat vergilərdən yalnız 13,3 milyard manat (və ya 77 faiz) ödənilmişdir. 2002-ci ilin əvvəlinə isə bu göstəricilər müvafiq olaraq 12,4 milyard manat və 6,6 milyard manat (və ya 53 faiz) təşkil etmişdir. Digər tərəfdən Beynəlxalq İnkişaf Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə bağlanmış kredit sazişlərinə əsasən Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsinin icrası ilə əlaqədar bu maliyyə institutlarına ARSSC tərəfindən ildə orta hesabla 3,6 milyon ABŞ dolları məbləğində vəsait ödənilməlidir.
2. Su sektorunda maliyyə intizamının gücləndirilməsi sahəsində tədbirlər Su sektorunda mövcud olan problemlərin aradan qaldırılması, suyun istifadəsində israfçılığın və itkilərin aşağı salınması, yığımın artırılması, dolayı subsidiyaların həcminin azaldəılması məqsədi ilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
2.1. İdarəetmə strukturunun təkmilləşdirilməsi ARSSC-nın idarəetmə strukturunun təkmilləşdirilməsi məqsədilə aşağıdakılar həyata keçiriləcəkdir: su sektorunun restrukturizasiya planının hazırlanması və bu məqsədlə nüfuzlu məsləhətçi şirkətin cəlb olunması; restrukturizasiya planı çərçivəsində müəssisə, idarə və təşkilatların bazasında açıq tipli səhmdar cəmiyyətlərin yaradılması; restrukturizasiya tədbirləri daxilində yaradılmış açıq səhmdar cəmiyyətlərin dövlətsizləşdirmə strategiyasının seçilməsi; səhmdar cəmiyyətlərin uzunmüddətli idarəetməyə verilməsi ilə əlaqədar tenderlərin keçirilməsi.
2.2. Qiymət və tariflərin tənzimlənməsi tədbirləri
Su təchizatı sektorunda maliyyə mənbələrindən məqsədyönlü istifadəni təmin etmək və səmərəli yığım sisteminin yaradılması üçün aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: su təsərrüfatı sistemində mövcud olan tarif dərəcələrinin formalaşdırılması üçün səmərəli dövlət tənzimlənməsinin aparılması; satılan suyun tariflərinin təkmilləşdirilməsi onların yeni diferensial dərəcələrinin tətbiq edilməsi.
2.3. Büdcə tədbirləri Dövlət büdcəsi ilə əlaqələrin tənzimlənməsi və büdcə vəsaitindən istifadəyə nəzarətin gücləndirilməsi sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: büdcə təşkilatları tərəfindən su təchizatına görə ödənişin təmin edilməsi; suyun səmərəli istifadəsi üçün büdcə təşkilatlarında su sayğaclarının quraşdırılması; istifadə haqqını ödəməyən istehlakçılara qanunvericiliyə uyğun olaraq suyun verilməsinin dayandırılması təcrübəsinin tətbiqi; büdcə və sənaye təşkilatlarının debitor borclarının ödənilməsinə ciddi nəzarət mexanizminin tətbiq edilməsi; büdcə təşkilatlarının sudan istifadəyə görə yaranmış borclarının vergi borcları ilə əvəzləşdirilməsinə yol verilməməsi. 2.4. Texniki tədbirlər Əməliyyat xərclərinin azaldılması, itkilərin qarşısının alınması, kəmər sistemlərinin və qurğuların səmərəliişləməsi və təsərrüfat subyektlərinin rentabellik səviyyəsinin artırılması məqsədilə aşağıdakı texniki tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: suyun istifadəsində israfçılığın qarşısının alınması və əməliyyat xərclərinin azaldılması məqsədi ilə sayğacların tətbiqinin genişləndirilməsi; su təchizatının axşılaşdırılması üçün boru sistemlərində itkilərin aradan qaldırılması; boru kəmərlərinin səmərəli istifadəsi üçün şəbəkələrdə hidravlika sistemlərinin yaxşılaşdırılması; sutəmizləyici, nasos və kanalizasiya stansiyalarında enerji itkilərinin qarşısının alınması; texniki xidmətlərin yaxşılaşdırılması və qurğuların istismar müddətinin uzadılması; əməliyyat xərclərinin azaldılması məqsədilə ayrılmış vəsaitin qənaətlə istifadə olunması; işçi qüvvəsindən səmərəli istifadə olunması.
2.5. Digər tədbirlər Digər tədbirlər sisteminə aşağıdakılar daxildir: ödənişlərin yığılması qaydalarının təkmilləşdirilməsi; su kəmərləri xətlərinə qanunsuz və qeydiyyatdan keçməmiş birləşmələrin qarşısının alınması; mühasibat sisteminin və maliyyə hesabatının beynəlxalq standartlara uyğunlaşdırılması; maliyyə menecmentinin və planlaşdırılmasının yaxşılaşdırılması; 2002-ci ildən başlayaraq istehlakçıların imtiyazlı təbəqələrinə dövlət büdcəsindən müavinətlərin verilməsi.
2.6. Gözlənilən nəticələr Qeyd olunan tədbirlərin həyata keçirilməsi su istehsalının maya dəyərinin aşağı salınmasına, onun satışını tənzimləyən tariflərin iqtisadi cəhətdən əsaslandırılmış artımına, yığım sisteminin təkmilləşdirilməsinə və yığımın səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təsir göstərəcək. ARSSC-nin fəaliyyəti nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə, xüsusilə beynəlxalq maliyyə təşkilatlarına kreditin vaxtında qaytarılmasına, dövlət büdcəsinə və enerji xərclərinə görə borclarının ödənilməsinə imkan yaradacaqdır.
3. Tədbirlər planının təqvimi