 | 02-08-2007 AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NAZİRLƏR KABİNETİNİN 2007-ci İLİN BİRİNCİ YARISINDA SOSİAL-İQTİSADİ İNKİŞAFIN YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ İCLASDAKI ÇIXIŞI
Enerji sahəsində, xüsusilə ödəmələr məsələsində irəliləyiş, tərəqqi var. Mənə verilən məlumata görə, iyul ayında yığım 80 faizdən yuxarı olmuşdur. Nəzərə alsaq ki, uzun illər ərzində bizim ən ağrılı yerimiz kommunal ödənişlərin yığılması idi, bu, yaxşı göstəricidir. Bunun da müxtəlif səbəbləri var idi. Bəzi hallarda o vəsait insanlardan yığılırdı, sadəcə, kassaya mədaxil edilmirdi, ciblərə gedirdi. Bu sahədə əlbəttə ki, bizə çox böyük zərbə vuran “Barmek” şirkətinin fəaliyyəti olmuşdur. Faktik olaraq, paytaxtın enerji təsərrüfatını dağıtmışdır. Indi biz məcburuq böyük həcmdə əlavə vəsait ayıraq ki, “Bakıelektrikşəbəkə” şirkəti öz fəaliyyətini bərpa etsin, gücləndirsin. Yeni xətlər çəkilir, yeni transfarmatorlar quraşdırılır, yardımçı stansiyalar tikilir. Yəni budur, bizim gördüyümüz işlərin real nəticəsi.
Guya ki, bazar iqtisadiyyatına uyğun şəkildə fəaliyyət göstərən, amma əslində, öz şəxsi maraqlarını və bəzi keçmiş rüşvətxor məmurların şəxsi maraqlarını güdən Barmek şirkəti Azərbaycanda bu sahədə yenilik gətirəcəkdi. Sadəcə olaraq, böyük zərbə vurmuşdur və biz o zərbənin acı nəticələrini hələ ki, çəkməkdəyik. Amma bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşdırılıb.
Bakı şəhərində elektrik təsərrüfatı dövlət nəzarətinə qayıtdıqdan sonra bu sahədə islahatlar da uğurla gedir. Həm dövlət tərəfindən əlavə vəsait ayrılır, həm də şirkət özü qazanır və beləliklə, enerji sahəsində vəziyyət sağlamlaşdırılır. Bu çox gözəl hadisədir. Görülən işlərin gözəl nəticəsidir. Elə etməliyik ki, Azərbaycanda bütün enerji təsərrüfatı ən yüksək səviyyədə olsun. Indi yeni elektrik stansiyalarının tikintisi imkan verir ki, mövcud güclər müasir səviyyəyə cavab versin. Paylayıcı şəbəkələr də gərək yeniləşsin, təzə xətlər çəkilməli və bütün lazımi avadanlıqlar quraşdırılmalıdır.
|