17-03-2009   NOVRUZ BAYRAMINIZ MÜBARƏK

Novruz xalqımız tərəfindən həmişə barışıq, dostluq, səmimiyyət, təmizlik və yeniləşmə əhval-ruhiyyəsi yaradan Bahar bayramı kimi qeyd olunur. Novruz təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı bir bayram, insanla təbiətin bütövləşməsinin, harmoniyasının təcəssümü hesab olunur.

Zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur. Qoy ürəyimizdə tutduğumuz bütün istəklər - müharibəyə birdəfəlik son qoyulması, torpaqlarımızın azad edilməsi, erməni təcavüzü nəticəsində didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması kimi müqəddəs diləklərimiz həyata keçsin və biz gələn Novruz bayramımızı daha şad və xoş əhval-ruhiyyə ilə qarşılayaq.

Novruz bayramını dünyanın müxtəlif ölkələrində yaşayan bütün azərbaycanlılar böyük məhəbbətlə, əcdadlarına, el-obalarına, müstəqil Azərbaycan Respublikasına bağlılıq hissləri ilə qeyd edirlər. Qoy bu hisslər Novruz nəfəsi ilə vətənin tərəqqisi, xalqın xoş güzəranı naminə çiçəklənib qüvvətlənsin!

“Bakıelektrikşəbəkə” ASC bu bahar bayramında hər birinizə möhkəm cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyət diləyir. Bayramınız mübarək olsun!



ilk10izah.gif, 0 kB