20-05-2009 Enerji borclarını internetlə ödəmək olar
Bundan sonra “Bakıelektrikşəbəkə”nin hər bir abunəçisi internet vasitəsilə, onlayn rejimdə istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəyə biləcək. Bunun üçün abunəçi www.bes.az saytında “borcunuzu online ödəyin!” pəncərəsindəki boş qrafaları doldurmaq və “axtar” düyməsini basmaq kifayətdir. Şəxsi məlumatlar daxil edildikdən sonra hər bir abunəçi “növbəti” düyməsini vurmaqla elektrik enerjisinə görə nə qədər borcu olduğunu öyrənə və həmin borcu internet vasitəsilə ödəyə biləcək.
Lent.az-ın məlumatına görə, bu barədə “Bakıelektrikşəbəkə” ASC-də keçirilən təqdimat mərasimində qurumun texnoloji informasiya idarəsinin rəisi Qalib Həmidov bildirib. Onun sözlərinə görə, “Golden Pay” ödəmə vasitəsilə Azərbaycanın kommunal xidmət sektorunda ilk dəfə tətbiq olunan bu texnologiya həm təchizatçı şirkət, həm də abunəçilər üçün yeni imkanlar yaradır. Belə ki, “Visa/Visa elektron” və “MasterCard/Maestro” ödəmə kartları olan abonentlər gün ərzində istənilən yerdə “Bakıelektrikşəbəkə” ASC-nin rəsmi saytına daxil olub borcunu ödədikdən bir neçə saniyə sonra müvafiq bildiriş alacaq. Abunəçi bu bildirişi öz istəyinə uyğun olaraq, çap edə və ya e-mail ünvanına göndərə bilər.
Qalib Həmidovun fikrincə, bu aparatın üstün cəhəti odur ki, yeni texnologiya həm abonentin sayğac göstəricilərinin götürülməsi, həm də “Bakıelektrikşəbəkə”nin nəzarətçi-mühəndislərin iş qrafikini asanlaşdırır. Digər üstünlük isə onlayn ödəmənin rahat və pulsuz olmasıdır. Belə ki, enerji borclarının kartla ödəmə zamanı heç bir bank komissiya məsrəfi tutulmur.
“Bu sistem dünyada qəbul olunmuş ən müasir ödəmə vasitəsidir və “Bakıelektrikşəbəkə” öz abunəçilərinə belə xidmətlərdən istifadə üçün şərait yaratmaqda maraqlıdır. Biz abunəçilərlə münasibətlərimizi daha da yaxşılaşdırmaq və bununla da istifadə olunmuş elektrik enerjisinə görə yaranmış borcların vaxtlı-vaxtında ödənməsinə nail olmaq istəyirik” - deyə, Qalib Həmidov qeyd edib.
|