07-01-2010   Bakıda borclu abonentlərin işıqları kəsilir

«Bakıelektrikşəbəkə» ASC bu gün saat 10:00-dan borcun ödənilməsi ilə bağlı xəbərdarlıq almış abonentlərin enerji təchizatını dayandırmağa başlayıb.

Bu barədə «APA-ECONOMICS»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, abonentlərə istehlak etdikləri elektrik enerjisinin dəyərini ödəmələri üçün 2009-cu il dekabrın 29-da xəbərdarlıq olunub. Lakin bayram günləri ilə əlaqədar olaraq borclu abonentlərin enerji təchizatının dayandırılması təxirə salınaraq bu gündən başlanıb.

T.Mustafayev bildirib ki, hazırda proses Bakının bütün rayonlarında aparılır.

Konkret məbləğini bildirməsə də ən çox borcun Sabunçu rayonunun Balaxanı qəsəbəsində olduğunu qeyd edən T.Mustafayev hazırda Balaxanıda borclu abonentlərin fərdi qaydada şəbəkədən ayrıldığını vurğulayıb. Mətbuat xidmətinin rəhbəri Balaxanı qəsəbəsində bu günədək 6 minə yaxın sayğac quraşdırıldığını, bununla belə ödənişin aşağı səviyyədə olduğunu bildirib.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 700 minə yaxın abonenti var.

LENT.AZ



ilk10izah.gif, 0 kB