09-02-2010 «Bakıelektrikşəbəkə»: Yaxın saatlarda Azərbaycan paytaxtının bütün rayonlarına enerji veriləcək
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərində əhaliyə elektrik enerjisinin verilməsi tədricən bərpa olunur və yaxın saatlarda paytaxtın bütün rayonlarına enerji veriləcək. Bu barədə «APA-Economics»ə «Bakıelektrikşəbəkə» ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib. T.Mustafayevin sözlərinə görə, hazırda Yasamal və Nizami rayonları istisna olmaqla digər rayonlar elektrik enerjisi ilə təchiz edilir. Adıçəkilən hər iki rayona isə yaxın saatlarda enerji veriləcək. Səhmdar cəmiyyətinin sözçüsü əlavə edib ki, Bakı şəhərinə verilən enerjinin həcmi tədricən artırılır. Gərginliyin düşməsi nəticəsində «Bakıelektrikşəbəkə»yə dəyən ziyanla bağlı məlumatlar veriləcək. Bakı şəhərinin 11 rayonunun enerji təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin hazırda 700 minə yaxın abonenti var.
Qeyd edək ki, bu gün səhər saat 11:55-də enerji sistemində baş vermiş açılma nəticəsində Azərbaycanın rayonlarının, paytaxtdakı strateji obyektlərin və Bakı Metropoliteninin enerji təchizatı dayanıb.
|