 | 05-03-2010 8 Mart Beynəlxalq qadınlar günü
Hörmətli xanımlar!
Sizi 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, firavan həyat arzulayıram.
Xalqımız həmişə ana müqəddəsliyi qarşısında baş əymiş, qadın adını uca tutmuşdur.
Ümummilli liderimiz Heydər Əliyev qadınlarımızın cəmiyyətdəki rolu haqqında danışarkən demişdir: "Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır."
Ötən XX əsrdə qadın hüquqlarının qazanılması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir.
Ümidvaram ki, qadınlarımız xalqa və cəmiyyətə layiqli övladlar yetişdirmək naminə bundan sonra da var qüvvələrini sərf edəcək, gənc nəslin Vətənə, torpağa məhəbbət, milli dövlətçiliyə və azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə xüsusi diqqət yetirəcəklər.
Bayramınız mübarək olsun!
B.Rzayev
Bakıelektrikşəbəkə ASC-nin İdarə heyətinin Sədri
|